Müsahibim İsmayılova Aygün Eyvaz qızıdır. Xocalı soyqırımı zamanı o, 1 yaş, 7 aylıq olub. Yaşı az olduğuna görə Xocalı müsibətini xatırlamır. Ancaq anası Xocalı qırğınını danışan zaman olub-bitəni dərk etmiş bir uşaq kimi o dəhşətlər gözlərinin qarşısına gəlir. Sanki müsibətləri anası danışmayıb, özünün ağlı kəsərək yaşayıb.
Aygün İsmayılovanın danışdıqlarından:
- Anam deyir ki, son vaxtlar atışma tez-tez olurdu. Soyqırım axşamı atışma daha da şiddətləndi. Uşaqları götürüb qonşunun evinin zirzəmisində gizləndik. Biz zirzəmidə gözlədiyimiz müddətdə əhalinin böyük hissəsi şəhəri tərk etmək məcburiyyətində qalmışdı, ancaq bizim xəbərimiz olmayıb. Sonra yaxınlıqdakı beşmərtəbəli binaya qaçdıq. Ermənilər binada adamların olduğunu xəbər tutub mühasirəyə aldılar. Əmimin oğlu Elşadı ermənilər orada vurdular. Silahı olan kişilər binanın bir üzündən ermənilərlə döyüşüb başını qatdılar, o biri üzündən qadınları kəndir ilə yerə düşürdülər ki, meşələrə tərəf üz tutaq.
Anam məni belinə bağlayıb, bacılarımı isə əllərindən tutaraq çətinliklə canımızı qurtarmağa çalışıb. Həmin gecə qar da çox yağıb. Böyük bacım soyuqdan donub. Onun ağzından köpük gəlirmiş. Hamı elə bilib ki, o, ölübdür. Ayın 26-nın axşamına kimi meşədə qalmışıq. Əmim qızı Aynur yanımızda yaralanıb. Ancaq onu yaralı vəziyyətdə gətirmək mümkün olub. Mən acından dayanmadan ağlayırmışam. Hamı anama deyirmiş ki, uşağın səsini kəs, yoxsa ermənilər yerimizi biləcək. Anam ağzımı yummaq istəyirmiş. Atamın dayısı Baxış kişi anamın qucağından məni alıb ki, bu uşaqların heç birinə bir şey olmayacaq.
Aygün İsmayılova dəhşətli günləri xatırlamasa da, uşaq yaşlarından anasının danışdıqlarını həyəcanla dinləyib, eşitdiklərini yaddaşına həkk edib. İndi onun gözündə Xocalı odlar içində yanan bir gözəl yurd kimi canlanır. Xocalı dəhşəti onun ruhunu daim incidir. Körpəlik çağlarından köçkün şəraitində yaşamaq vətənpərvərlik ruhu yüksək olan bir qız üçün olduqca çətindir. Ona görə çətindir ki, düşmənə olan nifrət və qisas hissini göstərə bilmədikdə bu insanı daha da narahat edir. Aygün İsmayılova ölənədək Xocalı soyqrımının kədərini öz qəlbində yaşadacaqdır.
Aygün İsmayılova hal-hazırda Xocalı RTŞ-də aparıcı məsləhətçi və Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləyir. İndi onun həyatında böyük bir missiya var: şagirdlərinə bacara bildiyi qədər Qarabağ həqiqətlərindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən məlumat vermək, şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasında, keçmişimizi unutdurmamaqda onları məlumatlandırmaq.
Aygün müəllim öz üzərinə düşən məsuliyyəti dərk edir. Şagirdlərə tez-tez Xocalı soyqırımından, mənfur düşmənlərimizin məkrli siyasətindən danışır.
Qalib BƏYMƏMMƏDOĞLU